Ermənistanın “Tejas”a marağı ilk növbədə operativ boşluğu sürətlə doldurmaq arzusundan qaynaqlanırdı. İrəvan 12 ədəd yüngül döyüş təyyarəsi ilə özünü modern hava platformalarına keçid edən dövlət kimi təqdim etməyə çalışırdı. Bu, həm daxili auditoriya, həm də müəyyən xarici tərəfdaşlar üçün siyasi siqnal mahiyyəti daşıyırdı. Amma platformanın özü Ermənistanın mürəkkəb coğrafiyasında və məhdud büdcə çərçivəsində real imkan yaratmırdı. Tək mühərrikli, məhdud radiuslu, yük daşıma qabiliyyəti zəif və dağlıq relyefdə performansı məhdud olan “Tejas” Ermənistanın hava gücünü yalnız simvolik şəkildə artırmaq potensialına malik idi.
Qəzanın yaratdığı ən ciddi nəticə Ermənistan üçün deyil, tədarük zəncirindəki daha böyük istehsalçılar üçün ortaya çıxdı. İsrailin “Jerusalem Post” nəşri İrəvanın mümkün müqavilə ləğvinin İsrail alt-sistem təchizatçıları üçün maliyyə riskləri yarada biləcəyini vurğuladı. Bu fakt bir daha göstərir ki, Ermənistan bu layihənin mərkəzi aktoru deyil, o, daha çox böyük sənaye oyunçularının siyasi və iqtisadi kəsişməsində kiçik bir alıcıdır. Belə alıcıların qərarları qlobal tədarükü köklü dəyişmir, amma onların özünün strateji planlarının davamlılığı üçün ağır reputasiya və diplomatik yük yaradır.
“Tejas” proqramına daxil olan avionika, AESA radarları və radioelektron mübarizə sistemlərinin bir qismi İsrail şirkətlərinin məhsuludur. Bu baxımdan Ermənistanın alıcı kimi zəif mövqeyi açıqdır: hər hansı texniki problem, ixrac lisenziyası dəyişikliyi və ya diplomatik gərginlik təchizat prosesini birbaşa İrəvanın ziyanına təsirləndirə bilər. Qəza isə bu zəifliyi daha da qabardaraq, Ermənistan tərəfinin daha sərt zəmanətlər tələb etməsinə səbəb oldu. Lakin kiçik bazar həcmi olan ölkə üçün belə tələblərin qəbul olunması heç də avtomatik deyil.
Bütün bunlarla yanaşı, ən çox müzakirə edilən məsələ “Tejas” Ermənistana real döyüş gücü verə bilərdimi?” sualıdır. Cavab qəti şəkildə məhduddur. Bu platforma patrul, hava məkanında görünmə və aşağı intensivlikli tapşırıqlar üçün nəzərdə tutulub. Dağlıq ərazilərdə yüksək hündürlük, sərt iqlim, qısa uçuş zolaqları kimi tələbkar əməliyyat şərtləri tək mühərrikli yüngül qırıcının imkanlarını məhdudlaşdırır. Daha da önəmlisi, Ermənistanın genişmiqyaslı hava əməliyyatları üçün nə təlimi, nə ehtiyat hissələri infrastrukturu, nə də texniki servisi mövcuddur. Təyyarənin alınması (xüsusən 12 kimi kiçik sayda) onu tam döyüş dəyərli sistemə çevirmir.
Azərbaycan üçün isə bu prosesin yaratdığı risk faktoru demək olar ki, mövcud deyildi. Bakı daha güclü aviasiya platformalarına, təbəqələşdirilmiş hava hücumundan müdafiə sistemlərinə və geniş əməliyyat şəbəkəsinə malikdir. “Tejas” kimi yüngül qırıcının həm döyüş radiusu, həm yük daşıma qabiliyyəti, həm də radioelektron mübarizə imkanları Azərbaycanın mövcud sistemləri ilə rəqabət aparmağa qadir deyil. Bu, sadəcə texniki məsələ deyil: Azərbaycanın koordinasiya olunmuş hava nəzarəti, inteqrasiya olunmuş HHM sistemi və operativ-logistik imkanları Ermənistanın belə bir platformanı effektiv şəkildə istifadə etməsinə onsuz da imkan vermirdi. Dolayısı ilə “Tejas” alışı bölgədə strateji balansı dəyişməyəcəkdi və Azərbaycanın hərbi üstünlüyünə heç bir təsir göstərmirdi.
Ermənistanın əsas problemi təkcə təyyarə seçimi deyil, hərbi modernləşmənin sistemsiz aparılmasıdır. Hava qüvvələrinin yenidən qurulması uzunmüddətli planlaşdırma, ciddi maliyyə yatırımı və geniş təlim ekosistemi tələb edir. Pilot hazırlığı, mühəndis və texniki heyət təhsili, ehtiyat hissələri anbarları, tam dövriyyəli təmir mərkəzləri və logistika zənciri olmadan hər bir yeni platforma kağız üzərində inkişafdan kənara çıxmır. Ermənistanın bu infrastrukturu yetərli səviyyədə təmin etməməsi “Tejas” kimi bir layihənin təkcə bir qəza və ya texniki nasazlıq fonunda belə asanlıqla dayandırılmasının başlıca səbəbini təşkil edir.
Qəza yalnız bir təyyarənin düşməsi deyil, həm də Ermənistanın hərbi modernləşmə strategiyasının nə qədər dayanıqsız olduğunu göstərən simvolik hadisədir. İrəvanın qərarı müvəqqəti dayandırma kimi təqdim olunsa da, bunun uzunmüddətli nəticəsi daha dərin ola bilər: hava qüvvələrinin yenilənməsi bir daha qeyri-müəyyən vaxta təxirə düşür və Ermənistan yenidən geosiyasi tərəfdaşlar arasında seçim dilemmasına qayıdır.
Nəticə etibarilə, “Tejas” qəzası Ermənistanın plansız və hazırlıqsız hərbi modernləşmə cəhdlərinə güzgü tutdu. Platformanın alınması siyasi simvol ola bilərdi, lakin real döyüş dəyərinin məhdudluğu, logistika zəifliyi və strateji planlaşdırma çatışmazlığı onun Ermənistan üçün ciddi üstünlük yaratmayacağını əvvəlcədən göstərirdi. Azərbaycan üçün isə bu layihə heç vaxt təhlükə mənbəyi olmayıb, “Tejas” nə texniki parametrləri, nə də Ermənistanın əməliyyat potensialı baxımından Bakının mövcud üstünlüklərini poza biləcək gücə malik deyil.
Firuz Bağırov
Ordu.az